
İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi Azərbaycanın əleyhinə olan paylaşımını silib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu gün XİN-ə çağırılan İspaniyanın müvəqqəti işlər vəkili ölkəsinin davamlı olaraq Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqedə heç bir dəyişikliyin baş vermədiyini söyləyib.
Sözügedən “X” paylaşımının texniki nöqsan olduğunu deyən ispan diplomat bu səbəbdən də Azərbaycan tərəfinin narahatlığını ifadə etməsindən dərhal sonra həmin paylaşımın silindiyini diqqətə çatdırıb.
XATIRLATMA
İspaniyanın İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyi (AECID) Qarabağdan olan erməni məcburi köçkünlərə yardım göstərəcək.
Bu barədə İspaniyanın RF-dəki səfirliyinin “X” (keçmiş Tvitter) səhifəsində məlumat yayılıb.
“İspaniyanın İnkişaf üzrə Beynəlxalq Əməkdaşlıq Agentliyi (AECID) Qarabağ münaqişəsi nəticəsində Ermənistana köçmüş 1000 vətəndaşa kömək məqsədilə “Biz aclığa qarşıyıq” (Acontrael hambre) humanitar aksiyasını aktivləşdirəcək”, – deyə rəsmi səhifədə qeyd olunub.
Qeyd olunur ki, ümumilikdə 250-yə yaxın ailə maddi, psixoloji və sosial dəstək alacaq.
Əlbəttə, insanlara yardım göstərmək öz-özlüyündə pis hərəkət sayılmır. Lakin burada maraqlı olan İspaniyanın Azərbaycana qarşı siyasətində yersiz canfəşanlığıdır. İspaniya hökuməti hər nə hikmətsə, Qarabağ məsələsində rəsmi Bakının qarşısında dayanıb. Xatırladaq ki, İspaniya parlamenti Azərbaycanla bağlanan beynəlxalq sazişi də təsdiq etməmişdi.
İspaniya Krallığı hazırkı dövrə qədər öz bölgələrindəki separatçı hərəkatlarla boğuşub. Bu gün Kataloniya, Basklar ölkəsi kimi vilayətlər İspaniyadan ayrılmaq istədiklərini gizlətmirlər. Hətta Kataloniyada bununla bağlı referendum keçirilib və ümumxalq səsverməsinə qatılanların əksəriyyəti ayrılmaya səs verib. Lakin İspaniya hökuməti haqlı olaraq həmin referendumun qeyri-qanuni olduğunu elan edib və hələlik onu yatırmağı bacarıb. Həmin vaxtlar İspaniyaya dəstək verənlərdən biri də Azərbaycan olub.
Maraqlıdır, öz ölkəsində separatçı cərəyanlarla üzləşən bir ölkə nə üçün başqa bir dövlətdə eyni hərəkatlara dəstək nümayiş etdirir.